Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə Ramazan ayında orucun vaxtlarının düzgün göstərilmədiyi təqvimlərin yayılması barədə Azərbaycan əhalisinə xəbərdarlıq edib.
“Məlum olduğu kimi, müqəddəs Ramazan ayının daxil olması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvim tərtib edərək məscidlərə paylayıb. Həmin təqvimdə göstərilənlərə əməl edilməsinə Azərbaycan ərazisindəki bütün məscidlər məsuldur”, - deyə QMİ-nin bazar ertəsi yaydığı məlumatda bildirilir.
İdarə qeyd edir ki, onlara daxil olan məlumatlara görə, ölkə ərazisində bəzi məscidlər adından müxtəlif təqvimlər vətəndaşlara paylanılır. Bu təqvimlərdə göstərilən iftar və imsak vaxtları QMİ-nin qetd etdiyindən fərqlidir, bu isə əhali arasında çaşqınlıq yaradır.
“QMİ bununla bağlı bildirir ki, yayılan həmin təqvimlər etibarsızdır və təxribat xarakteri daşıyır. Bu şəkildə çap edilib yayılan təqvimlərin məqsədi Azərbaycan müsəlmanları arasında təfriqə yaratmaq, mənəvi birliyimizə xələl gətirməkdən başqa bir şey deyil”, - deyə QMİ-nin bəyanatında qeyd edilir.
İdarə əhalini sayıq olmağa, belə təxribatlara uymamağa çağırırıb.
F.İsazadə