Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri açıqlanıb.
AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatına əsasən, bununla əlaqədar keçirilmiş ümumi yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademiyanın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfərin namizədliyi irəli sürülüb. A.Əlizadə akademik seçkilərin istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun və şəffaf keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
Səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilib.
Yeni seçilənlər arasında çoxlu sayda tanınmış ictimai-siyasi xadim və alimlər yer alıb.
Beləliklə, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, görkəmli bəstəkar Arif Məlikov AMEA-nın həqiqi üzvü seçiliblər. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə AMEA-nın yeni seçilən müxbir üzvlərindəndir.
F.Hüseynzadə