Bakı Çinlə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır. Bu barədə Çin Xalq Respublikasında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Van İ ilə görüşdə bəyan edib.
Azərbaycan XİN-in məlumatına əsasən, E.Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında olan əməkdaşlıq və qarşılıqlı dəstəyin vəziyyətindən məmnunluq ifadə edib.
Van İ Azərbaycanla əməkdaşlığın inkişafında ölkəsinin də maraqlı olduğunu deyərək, iki ölkə arasında bütün səviyyələrdə məsləhətləşmələrin və mübadilələrin aparılmasının və iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin zəruriliyini vurğulayıb.
Tərəflər, həmçinin iki ölkənin diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov çinli həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Van İ, öz növbəsində bu dəvəti qəbul edib.
Bundan başqa, E.Məmmədyarov ÇXR-in Dövlət Şurasının üzvü Yan Tszeçi ilə görüşüb. Y.Tszeçi Azərbaycanı Çinin etibarlı dostu adlandırıb. O, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimad, həmçinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi daxil olmaqla, bir çox məsələlər üzrə Bakı və Pekinin mövqelərinin üst-üstə düşməsi əsasında qurulduğunu qeyd edib. Y.Tszeçi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının zəruriliyini vurğulayıb.
E.Məmmədyarov əməkdaşlığın mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edərək, birgə səylərlə iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Y.Əliyev