Millətlərin öz müqəddəratını təyin etmə hüququ Krımla bağlı tətbiq oluna bilməz. Bu barədə Ukraynanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski bəyan edib.
“Söhbət Krımdan gedəndə, millətlərin öz müqəddəratını təyin etmə hüququ prinsipi işləyə bilməz, çünki Krım xalqı mövcud deyil. Orada Krım tatarları, ukraynalılar, ruslar yaşayırlar. Orada müxtəlif xalqların nümayəndələri yaşayırlar və bu səbəbdən Krım əhalisi Ukraynanın bir hissəsini təşkil edən əhalidir”, - deyə O.Zarubinski çərşənbə axşamı ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının plenar iclasında “Ukraynada vəziyyət” mövzusuna dair xüsusi müzakirələr zamanı vurğulayıb.
O qeyd edib ki, Ukrayna heç zaman müharibəyə başlamayıb və heç bir bəhanə ilə özgənin ərazisini işğal etməyib.
“Ukrayna heç zaman qonşularına ərazi iddiaları irəli sürməyib. Ukrayna heç zaman heç kəsi təhdid etməyib. Ukrayna heç vaxt digər xalqlar və dövlətlər barəsində hər hansı təkəbbürlü müstəsnalığa iddia etməyib. Bu həqiqətdir. Düşünürəm ki, bu, bizə, ukraynalılara, Ukraynada yaşayan bütün xalqlara sülh istəmək və buna doğru getmək hüququ verir”, - deyə O.Zarubinski vurğulayıb.
O qeyd edib ki, Ukrayna on gün müddətində birtərəfli qaydada atəşkəs elan edib, “on gün ukraynalı hərbçilər bir dəfə də olsun atəş açmayıblar”.
“Cəmi on gün ərzində 27 Ukrayna əsgəri öldürülüb, 69-u yaralanıb. Buna görə cənab sədr, siz barışığın pozulması barədə narahatlıq bildirərkən, mən dəqiqləşdimək məcburiyyətindəyəm - barışıq olmayıb. Axı barışıq münaqişənin bütün iştirakçılarının sülhə, atəşkəsə razı olması deməkdir. Bu birtərəfli təşəbbüs münaqişənin digər tərəfləri və bu münaqişə tərəfinə təsir göstərənlər tərəfindən dəstəklənməyəndə, bu heç də barışıq olmur”, - deyə Ukrayna nümayəndə heyətinin rəhbəri bildirib.
R.Babayev