Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” bədii filmi Karlovı Varı Beynəlxalq Film Festivalına dəvət alıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Festival 5-12 iyul tarixlərində keçiriləcək. “Axınla aşağı” bədii filmi festivalın “East of the West” müsabiqəsində 12 film arasında yarışacaq. Filmin dünya premyerası iyulun 10-da festival çərçivəsində baş tutacaq.
Psixoloji ailə dramının əsas hadisələri Azərbaycanın Mingəçevir şəhərində, Olimpiya Mərkəzinin məşqçisinin ailəsində baş verir. Baş verən faciə onu insanlara, ətrafındakı insanlara, ilk növbədə, həyat yoldaşına və ümumiyyətlə həyata olan münasibətini dəyişir.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiyadır. Quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.
Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.
Karlovı Varı Film Festivalı 1956-cı ildən etibarən keçirilir. Festivalın əsas mükafatı olan “Büllur Kürə” ən yaxşı bədii filmə verilir.
Builki festivalın qonaqları arasında Andrey Zvyagintsev, Fanni Ardan, Mel Gibson, Laura Dern, Asia Arcento və başqaları olacaq.
A.Zeydullayeva