Çərşənbə günü 76 nəfər əlilliyi olan Azərbaycan vətəndaşından ibarət bir qrup dövlət xətti ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salınıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Beləliklə, son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkənin Lənkəran və Xaçmaz rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə istirahətə yola salınıb.
Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.
İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, balıq ovu, müxtəlif gəzinti turları, idman yarışları, viktorinalar və s. təşkil edilməklə yanaşı, onlar tibbi və fizioterapevtik müalicə prosedurlarına da cəlb olunurlar.
R.Babayev