SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin sonuna qədər “Neft Daşları” yatağında İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib.
Tikinti işləri “Neftqaztikinti” tresti tərəfindən aparılır.
“Layihənin məqsədi Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etməkdir”, - deyə məlumatda qeyd edilir.
SOCAR-ın məlumatına əsasən, 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi, Mərkəzi Neftyığma Məntəqəsinin tikintisi, 3A və 4A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi və 5 və 5A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi komplekslərinin tikintisi planlaşdırılır.
“1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının və Mərkəzi Neftyığma Məntəqəsinin tikintisinin 2014-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Hazırda 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğuları yerləşən meydançaların hidrotexniki hissəsi tikilib başa çatdırılıb. Texnoloji avadanlıqların quraşdırılması və müxtəlif diametrli borularla əlaqələndirilməsi işləri yekunlaşmaq üzrədir”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Mərkəzi Neftyığma Məntəqəsinin yerləşəcəyi meydançanın hidrotexniki hissəsi də tikilib başa çatdırılıb, müxtəlif diametrli borularla neft və lay suyu xətləri çəkilib. Mərkəzi Neftyığma Məntəqəsi ilə Əmtəə Çənləri Parkı arasında uzunluğu 5500 metr olan maye xəttinin çəkilişi və nasosxana binasında işlər yekunlaşmaq üzrədir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.