"StartUp Azerbaijan" layihəsinin Təşkilat Komitəsi “Startup Azərbaycan 2014” müsabiqəsinin yekunları üzrə 6 layihəni qalib elan edib. Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cümə axşamı “Dövlətin, özəl sektorun və fərdi sahibkarların StartUp mühitinin formalaşmasına dəstəyi” mövzusunda konfransda məlumat verib.
Onun sözlərinə görə, bu il müsabiqəyə 46 layihə təqdim edilib, onlardan 28-i müsabiqəyə buraxılıb, yarımfinala 15 layihə seçilib.
Yarımfinal çərçivəsində ekspertlər tərəfindən layihələr 5 istiqamət (layihənin komandası, müddəti, ideyası və cəlbedici olması, gəlirliliyi, əhatə zonası) üzrə 10 ballıq şkala ilə qiymətləndirilib. Nəticədə 6 milli layihə - "BethClip", "Butarek", "Iwork.az", "WEARn", "Al-Getir" və "Xercim.az" finala çıxıb”,- deyə o qeyd edib.
Finala çıxmış layihələr üçün sözügedən konfrans çərçivəsində 20 investorla qapalı görüş keçiriləcək.
Bundan başqa, konfrans çərçivəsində milli “startup”ların, İnternet Biznesin inkişaf perspektivləri və dəstəklənməsi barədə müzakirələr aparılacaq.
Müzakirələrin yekunları üzrə təkliflər hazırlanacaq və müvafiq strukturlara təqdim ediləcək.
“StartUp Azerbaijan” Azərbaycan İnternet Forumunun təşkilatçılığı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İKT-nin İnkişafı Dövlət Fondunun dəstəyi ilə keçirilir.
N.Abbasova