Qərbdə İslama münasibətin getdikcə pisləşməsi xristianların İslama meyl göstərmələri ilə əlaqədardır. İlahiyyatçı Adil Hüseynov belə hesab edir.
“Dünyada İslam əleyhinə təbliğat aparılır, bu isə Avropa, Qərb xalqlarının islamlaşma qorxusu ilə bağlıdır. Hər il Avropada əhalinin 10%-ə qədəri İslamı qəbul edir. Bu, Qərbi narahat etməyə bilməzdi. Bu səbəbdən Qərb baş verən prosesləri dəstəkləməyə başladı”, - deyə o, cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İslam sülh dinidir, Yaxın Şərq ölkələrində din altında pərdələnən radikal qruplaşmaların İslamla heç bir bağlılığı və xüsusilə cihad elan etmək haqları yoxdur.
“Onların harada döyüşdüklərinə nəzər yetirin. Yalnız islam ölkələrində. Və Qərbin maraqlarına cavab verən vəzifəni icra edirlər. Qəddafi Qərbi qəbul etmədiyi üçün Liviyada döyüşüblər, analoji hal Suriya və İraqda da müşahidə olunub. Əgər bu cihaddırsa, nə üçün onlar İsrailə qarşı döyüşmürlər? Axı orada da müsəlmanların hüquqları pozulur. Nə üçün Myanmada döyüşmürlər? Orada müsəlmanları diri-diri yandırırlar. Qarabağda ermənilərə qarşı heç olmasa bir vəhabi döyüşübmü? Əksinə, onlar Ermənistanın tərəfində döyüşüblər, çünki bilirdilər ki, Dağlıq Qarabağ və bütövlükdə Azərbaycan əhalisi şiədir”, - deyə A.Hüseynov bəyan edib. “Onlar Qarabağda erməniləri çox yaxşı dəstəkləyiblər. Çünki Azərbaycanın bu regionunun ayrılması və gələcəkdə Ermənistana birləşdirilməsi Qərbin maraqlarında olub. Onlar (vəhabilər - İF-Az) özlərinin maraqlarının olduğu yerlərdə döyüşürlər. Əgər onlar Fələstində döyüşsəydilər, əzilən müsəlmanların müdafiəsinə qalxsaydılar, deyərdim ki, düzgün hərəkət edirlər. Lakin biz bunun əksini görürük”, - deyə ilahiyyatçı əlavə edib.
F.İsazadə