Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev respublikaya gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edir.
“Son 12 ildə Azərbaycana gələn turistlərin sayının durmadan artması müşahidə olunur. Lakin biz 50 və ya 100% səviyyəsində kəskin artım gözləməməliyik”, - deyə nazir cümə günü jurnalistlərə bildirib.
“Əgər 2001-ci ildə Azərbaycana 450 min turist gəlmişdisə, bu gün biz 2,5 mln. turistdən danışırıq. Digər tərəfdən bizim otel şəbəkəmiz birdən-birə 5 mln. turist qəbul etməyə tam hazır deyil”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin əsas məqsədlərindən biri növbəti beş ildə Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırmaqdır.
“Bu vaxt ərzində paralel olaraq lazımi infrastruktur və təqdim olunan xidmətlərin keyfiyyəti inkişaf etdiriləcək. Bildiyiniz kimi, Azərbaycanda üçulduzlu otellərin sayı o qədər də çox deyil. Belə otellər yalnız azad sahibkarların iştirakı ilə tikilə bilər. Bu gün 4 və 5 ulduzlu otellərin sayı kifayət qədər çoxdur. Buna görə də investorlar üçulduzlu otellərin tikintisinə vəsait qoyurlar”,- deyə o qeyd edib.
Nazir bildirib ki, bu məsələ ilə bağlı onun ünvanına səsləndirilən tənqidi fikirlərlə tanışdır və bundan nəticə çıxarır.
“Mən bəzən tənqidlər eşidirəm. Lakin tənqidin işimizin xeyrinə olduğunu düşünürəm, çünki biz işimizin yaxşılaşması üçün ona müəyyən qədər tənqidi yanaşmalıyıq.
F.İsazadə