Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyulun 4-də cari ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Tədbirdə bildirilib ki, ötən ay müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə minik avtomobilləri təqdim edilib, bu gün bu kateqoriyadan olan daha 100 nəfərə “Naz-Lifan” markalı avtomobillər verilir.
1 yanvar 2014-ci ilədək növbəyə duran Böyük Vətən müharibəsi əlilllərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl AES əlillərinin avtomobillə təminatının avqust ayında yekunlaşdırılması planlaşdırılır.
Tədbirdə vurğulanıb ki, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılıb.
R.Babayev