Cümə günü Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində mədəniyyətin inkişafında rəqəmsal texnologiyaların effektiv istifadəsinə dair beynəlxalq açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Konfransın açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müasir dünyada rəqəmsal texnologiyaların hər bir insanın gündəlik həyatının bir hissəsinə çevrildiyini deyib.
“Bu mövzu Moskvada keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin iclasında müzakirə olunub. Müzakirələrdə Azərbaycan bu mövzuya dair rəyini bildirib. Bu, bizim üçün vacibdir, çünki bu tədbir Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir, bu isə sözsüz ki, bizə həmin mövzunu daha geniş auditoriyanın, daha çox sayda ölkənin iştirakı ilə müzakirə etməyə və ümumi tövsiyələr hazırlamağa imkan verir”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, bu mövzu Azərbaycan üçün ikiqat aktualdır.
“Təəssüflə etiraf etməliyəm ki, bu gün mədəniyyət sahəsi internet və müasir texnologiyalar vasitəsilə istifadə olunmur. Bildiyiniz kimi, biz tədbirlər görmüşük, turizm sahəsində yeganə və mükəmməl informasiya bazası, muzey və kitabxana şəbəkəsi yaradılıb”, - deyə Ə.Qarayev qeyd edib.
Nazirin sözlərinə əsasən, fasiləsiz texnoloji inkişafı müsbət məcraya yönəltmək, internet vasitəsilə yalnız ünsiyyət və əyləncə deyil, həm də cəmiyyət üçün mühüm məsələlərin həllinə yardım etmək çox vacibdir.
Ə.Qarayev qeyd edib ki, Azərbaycanda internet azaddır və ölkə əhalisinin təxminən 70%-i ondan istifadə edir.
“Rəqəmsal texnologiyaların inkişaf prosesinin qarşısını almaq mümkün deyil. Bu səbəbdən biz onların inkişafı ilə ayaqlaşmalıyıq”, - deyə nazir bildirib.
O, çoxsaylı rəsmi institut və idarələrin işlərinin rəqəmsal formata köçürülməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkilatdakı tərəfdaşları ilə fəal əməkdaşlığa hazır olduğunu bildirib.
Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçiani mədəniyyətin inkişafının və cəmiyyətdə demokratiyanın möhkəmlənməsinin qarşılıqlı əlaqədə olduğunu qeyd edib.
“Mədəniyyət və demokratiya arasında böyük qarşılıqlı əlaqə mövcuddur. Bu gün dünyada baş verən rəqəmsal inqilab xalqlarımızın mədəniyyətin inkişafı vasitəsilə demokratiyaya yaxınlaşması üçün böyük imkanlar açır”, - deyə o bildirib.
K.Luçiani qeyd edib ki, Bakıda keçirilən ikigünlük konfrans çərçivəsində AŞ-yə üzv dövlətlərin mədəniyyətin inkişafında rəqəmsal texnologiyaların tətbiqi sahəsində ümumi strategiyasının hazırlanması planlaşdırılır. O, internetə ümumi çıxışın və ölkələrin sabit iqtisadi inkişafının önəmini vurğulayıb.
F.İsazadə