Cümə günü Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Astara şəhərində Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Bu barədə komitənin rəsmi məlumatında bildirilir.
ƏMDK sədri cümə günü 50-yə yaxın vətəndaşı qəbul edib. Onların müraciətləri əsasən xüsusi mülkiyyətdə olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına aid olub. Belə ki, vətəndaşların bir qismi onlara ayrılmış və ya alqı-satqı ilə əldə etdikləri torpaq sahələrinin, bir qismi yaşadıqları fərdi həyət evləri və mənzillərinin, digər qismi isə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə əlaqədar müraciət ediblər.
Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı K.Həsənova xahişlərini bildiriblər. Bir neçə vətəndaş müraciəti dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Vətəndaşların bir sıra müraciətləri işə qəbul və digər sosial məsələlərlə bağlı olub.
K.Həsənov bir sıra vətəndaşLARIN müraciətlərinin dərhal həlli üçün müvafiq tapşırıq və göstərişlərini verib. Bundan başqa, komitə sədri vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi tələbləri izah edib və məsləhətlər verib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
ƏMDK-nın məlumatına görə, 2014-cü ilin I yarısında Azərbaycanın regionlarında yaşayan vətəndaşların 6 qəbulu təşkil edilib.
N.Abbasova