Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Vyanada ATƏT-in gender bərabərliyinin icmal konfransında məruzə ilə çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
Konfrans ATƏT-in gender bərabərliyinin təşviqi üzrə Fəaliyyət Planının qəbul edilməsinin 10 illiyi münasibətilə keçiriləcək.
Konfransda məişət zorakılığı ilə mübarizə, qadınların irəli çəkilməsi, bərabərlik hüququnun de-fakto təmin edilməsi, dövlətlərin təcrübəsi və digər mövzularda təşkil olunacaq sessiyalarda H.Hüseynovanın çıxışı, eləcə də tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirməsi nəzərdə tutulub.
Tədbirdə 40-dan çox dövlətin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
A.Zeydullayeva