Prezident İlham Əliyev və Gürcüstan parlamentinin sədri David Usupaşvili arasında bazar ertəsi keçirilmiş görüşdə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlər arasında əlaqələrin önəmini vurğulayan prezident beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə edib. O, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verdiyini bildirib.
Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu deyib.
Qonaq qarşılıqlı faydalı və strateji münasibətlərin qurulması işində deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycanla bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.
F.İsazadə