İcbari Sığorta Bürosu (İSB) yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfərin ölümü və 1 nəfərin yaralanması faktları ilə əlaqədar ümumilikdə 6,5 min manat məbləğində kompensasiya ödəyib. Bu barədə İSB-nin məlumatında deyilir.
Birinci yol-nəqliyyat hadisəsi 2013-cü il oktyabrın 3-də Lənkəran rayonu ərazisində baş verib, nəticədə 1 nəfər həlak olub. Həlak olanın ailəsinə 5 min manat məbləğində kompensasiya ödənilib.
İkinci yol-nəqliyyat hadisəsi 2012-ci il iyulun 16-da Abşeron rayonu ərazisində baş verib, Qəza nəticəsində xəsarət almış şəxsə 1,5 min manat məbləğində kompensasiya ödənilib.
“Kompensasiyalar 2014-cü il iyulun 8-də qeyri-nağd üsulla (poçt vasitəsilə) ödənilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, İSB 2014-cü ilin I yarısında Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə və həlak olanların ailələrinə ümumilikdə 73,26 min manat məbləğində kompensasiya ödəyib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 15 sığorta şirkəti büronun üzvüdür.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin əmək qabiliyyətinin itirilməsinin icbari sığortası üzrə 100 min manat təşkil edir.
A.Əzizov