İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start verilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbirlər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında keçirilir.
İyulun 31-dək davam edəcək Azərbaycan günləri çərçivəsində ölkənin tarixini, adət-ənənələrini, eyni zamanda müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaq.
“Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə”, “Azərbaycan ənənələr və gələcək ölkəsi”, “Nizami Gəncəvi” sərgiləri Fransa vətəndaşlarına və turistlərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı ilə tanışlığa imkan verəcək.
Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunacaq. İtalyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcək.
Azərbaycan günlərində, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir təşkil olunacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin birinci Avropa Oyunlarına hazırlığının ölkədən kənarda təqdimatına həsr olunan bu tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon keçiriləcək.
Heydər Əliyev Fondu indiyədək Azərbaycanın təbliği istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və digər ölkələrdə, eləcə də bu dövlətlərin regionlarında bir sıra layihələr həyata keçirib. Bu layihələr tarixi və müasir Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
A.Zeydullayeva