Ağbulaq istirahət mərkəzində gənc fəallar üçün istirahət düşərgəsi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Gənclərin düşərgədə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradılıb. Burada müxtəlif mövzularda diskussiyalar, intellektual oyunlar və seminarlar keçiriləcək. Düşərgədə istirahət edən gənclər Batabat Astrofizika Rəsədxanasında və Şahbuz rayonunun ərazisindəki tarixi yerlərdə olacaqlar.
İstirahət həftəsi Bakıdan dəvət edilmiş gənc müğənni və musiqiçilərin konsert proqramı ilə yekunlaşacaq.
İstirahət düşərgəsi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil edilib.
Q.Hüseynova