Cənubi Afrika şirkətləri bu il Azərbaycanda keçiriləcək hərbi-sənaye sərgisinə böyük maraq göstərir. Bu barədə Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov məlumat verib.
“CAR-ın hərbi-sənaye sahəsində ixtisaslaşan bir neçə iri şirkəti bu il Bakıda keçiriləcək hərbi sərgiyə böyük maraq göstərir”, - deyə E.Poluxov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, bu sahədə CAR-ın aparıcı şirkətləri Azərbaycanda öz müdafiə məhsullarını nümayiş etdirəcəklər.
Onun sözlərinə görə, Azərbaycanın CAR ilə əməkdaşlığı yalnız hərbi sahə ilə məhdudlaşmır, tərəflər əməkdaşlığlın digər prioritet istiqamətlərini də öyrənirlər.
“Azərbaycan ilə CAR arasında əməkdaşlıq genişlənir. Digər sahələr də öyrənilir. Kənd təsərrüfatı və energetika kimi sahələrdə perspektivlər böyükdür”, - deyə o qeyd edib.
“Təkcə CAR deyil, həm də digər Afrika ölkələri bizdən texnoloogiyaların transferini gözləyirlər. Afrika materiki təbii sərvətlərlə zəngindir, lakin gənc dövlətlərin onların səmərəli hasilatı və dünya bazarına tədarükü üçün kifayət qədər bilik və bacarığı yoxdur”, - deyə E.Poluxov əlavə edib.
Diplomat onu da qeyd edib ki, 2015-ci ildə CAR XİN-in nümayəndə heyəti yüksək səviyyəli danışıqlar aparmaq üçün Azərbaycana səfər edəcək.
F.İsazadə