Azərbaycan bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını hər zaman müdafiə edəcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik”, - deyə prezident çərşənbə günü müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə bildirib.
O söyləyib ki, Azərbaycan və İslam dövlətləri beynəlxalq arenada, xüsusilə BMT-də bir-birini uğurla dəstəkləyir.
“BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir”, - deyə dövlət başçısı vurğulayıb.
“Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ona görə əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir”, - deyə o bildirib.
“Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək”,- deyə prezident qeyd edib.
O deyib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə öz praktiki töhfəsini verir.
“Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan edib. Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac var. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində islamafobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirlər görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir”,- deyə prezident bildirib.
“Birgə səylərimiz, fəaliyyətimiz nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcək. Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı var. Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq”, - deyə o əlavə edib.
Dövlət başçısı müsəlman ölkələri ilə münasibətlərin indiki yüksək səviyyəsini yüksək qiymətləndirib və iqtisadi sahədə əlaqələrin də eyni səviyyədə yüksək olmasını arzu etdiyini söyləyib. “Hesab edirəm ki, indiki şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes strukturların birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər”,- deyə o qeyd edib.
F.Hüseynzadə