2015-ci ilə kimi Bakıda və Abşeronda 3 logistik mərkəzin yaradılmasına dair 3 layihənin reallaşdırılması başa çatacaq. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
“Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması, ixracı və satışını təmin etmək məqsədilə 3 logistik mərkəzin tikintisi nəzərdə tutulur. Onların 2014-cü ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır”, - deyə Ş.Mustafayev cümə axşamı Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Nazirin çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, həmin mərkəzlərin daxilində “fermer mağazaları” da fəaliyyət göstərəcək.
Ş.Mustafayev vurğulayıb ki, bu mərkəzlərin ümumi tutumu 110 min ton təşkil edəcək.
Onun sözlərinə görə, kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə Azərbaycan sahibkarları Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlayıblar. “Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər həyata keçirilir”, - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, ət və süd istehsalının həcminin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycanda 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə başlanılıb. “Bu iki təsərrüfatın yaradılmasına güzəştli kreditlər ayrılıb”, - deyə o qeyd edib.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan hökuməti iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində işləri davam etdirir. “Hazırda respublikanın 12 rayonunda 19 bu cür fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bu təsərrüfatların ümumi əkin sahəsi 30 min hektar təşkil edəcək”, - deyə Ş.Mustafayev əlavə edib.
A.Əzizov