Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Beyləqan rayonunun Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati ərazi dairəsi və yerli bələdiyyələrin vəzifəli şəxsləri barəsində cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, qeyd olunan şəxslər barəsində istintaq dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material əsasında başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, bələdiyyələrin vəzifəli şəxsləri kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılmış 14 min 278 manat pul vəsaitini mənimsəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
F.İsazadə