İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırmasa, Türkiyə bu ölkə ilə dialoq qura bilməyəcək. Belə bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günü çıxış edib.
“İsrail zorakılığa son qoymalıdır. Bunu etməsə, Türkiyə onunla münasibətləri normallaşdıra bilməyəcək”, - deyə “Hürriyyət” qəzeti baş nazirə istinadən yazır.
R.T.Ərdoğan xatırladıb ki, İsrail və Türkiyə arasında dialoqun qurulması üçün üç əsas şərtdən biri İsrailin Qəzza zolağını blokadadan azad etməsidir.
İsrail və Türkiyə arasında münasibətlər 2010-cu ildə İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına humanitar yardım aparan “Azadlıq donanması”na hücum etdikdən və 9 türk fəal öldürüldükdən sonra pisləşib.
2013-cü ilin mart ayının sonunda İsrailin baş naziri Binyamin Netanyahu türkiyəli həmkarı ilə telefon söhbəti zamanı “Azadlıq donanması” ilə bağlı insidentə görə üzr istəmişdi.
Xəbər verildiyi kimi, çərşənbə axşamı İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağından İsrail ərazisinə açılmış raket atəşlərinə cavab olaraq hərbçilərə uzunmüddətli və güclü əməliyyata başlamağı tapşırıb.