Kənd Təsərrüfatı Nazirliyi respublikaya əlverişli şərtlərlə taxıl idxalı ilə bağlı ciddi problemlər gözləmir. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
H.Əsədovun çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
“Cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olub. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olub. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxıb”, - deyə nazir bildirib.
H.Əsədov qeyd edib ki, bu faktlar Azərbaycanda aqrar sığorta sisteminin təkmilləşdirilməsini daha aktual edir.
Onun sözlərinə görə, iqlim şərtlərinin taxıl məhsullarının istehsalı baxımından əlverişsiz olması ABŞ-ın bəzi ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl istehsalçıları üçün də xarakterik olub. Lakin Azərbaycanın taxıl idxalının 90%-ni həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı artıb. Ümumilikdə isə buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olub.
“FAO (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı), eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20% aşağı düşüb.
“Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaq”, - deyə H.Əsədov əlavə edib.
A.Axundov