Azərbaycan Turizm İnstitutunda (AİT) bu il bakalavr və magistr pillələri üzrə 221 tələbə məzun adını qazanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Beşinci məzun buraxılışı münasibətilə Azərbaycan Turizm İnstitutunda keçirilən təntənəli mərasimdə mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, nazirliyin məsul şəxsləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, hotel və turizm sənayesi müəssisələrinin rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən rektor, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qeyd edib ki, turizm sənayesinin inkişaf etdirilməsi, bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı ödəmək məqsədilə 8 il öncə Azərbaycan Turizm İnstitutu yaradılıb.
“2006-cı ildə 200 tələbə, bir fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlayan ATİ hazırda 3 fakültə, 10 kafedra, 11 bakalavr ixtisasında 1463 tələbə ilə kadr hazırlığını həyata keçirir. 2010/2011-ci tədris ilindən ATİ-də magistratura pilləsi fəaliyyətə başlayıb və hazırda 15 ixtisas üzrə 138 nəfər magistr var. Eyni zamanda 55 nəfər doktorantura proqramı üzrə oxuyur”, - deyə C.Cəfərov bildirib.
Onun sözlərinə görə, 2011-ci ildən ATİ nəzdində yaradılan Bakı Turizm Peşə Məktəbində 12 peşə üzrə 460 şagird təhsil alır. Növbəti tədris ilində ATİ-yə bakalavr üzrə 410, magistratura proqramı üzrə isə 55 nəfərin qəbulu nəzərdə tutulub.
Rektor tədbir iştirakçılarına xatırladıb ki, ATİ Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə ölkədə ilk və yeganə ikili diplom proqramını uğurla davam etdirir.
“Hazırda proqram çərçivəsində 100-dən çox bakalavr, 40-dan çox magistr təhsil alır. 72 nəfər bakalavr bu proqramın məzunudur”, - deyə C.Cəfərov bildirib.
Tədbirin sonunda məzunlara diplomlar təqdim olunub və konsert proqramı keçirilib.
A.Zeydullayeva