Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda biznes strukturlarının maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Salyan rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, müasir ət kəsimi müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının, kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Salyan rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.
A.Əzizov