Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ, SOCAR) və BP şirkəti müxtəlif sahələrdə əməkdaşlığa dair Tədbirlər Planı hazırlamaqdadır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
“Hazırda bununla bağlı təkliflər öyrənilir”, - deyə nazir bazar ertəsi BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellə görüşdə bildirib.
S.Müslümov əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması işinin təşkili və məşğulluqlarının təminatı, əlilliyi olan şəxslərin, gənclərin, əhalinin sosial cəhətdən həssas olan digər qruplarının məşğulluğuna kömək göstərilməsi və s. sahələrin də gələcək əməkdaşlıq üçün xüsusi önəm kəsb etdiyini bildirib.
BP şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə yerli mütəxəssislərin də sayının getdikcə artmasının müsbət faktor olduğunu qeyd edib.
Nazir deyib ki, BP ilə ƏƏSMN arasında işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının hazırlanması və s. məsələlərin müzakirəsi məqsədi ilə bir sıra görüşlər keçirilib.
Öz növbəsində Q.Birrell qeyd edib ki, BP Azərbaycan tərəfinin səsləndirdiyi təklifi yüksək qiymətləndirir və ƏƏSMN ilə qeyd edilən sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün imkanlara malikdir.
R.Babayev