2014-cü ilin I yarısında Azərbaycanda sənaye istehsalının həcmi 16,9 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, 2014-cü ilin yanvar-iyun aylarında qeyri-neft sektorunda sənaye məhsullarının istehsalında artım 4,2% təşkil edib, neft sektorunda sənaye məhsullarının istehsalı 3,4% azalıb.
Hesabat dövründə istehsalın ümumi həcmindən 72,9% mədənçıxarma, 21,3% emal, 5,4% elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi, 0,4% su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşüb.
2014-cü ilin birinci yarısında emal sahəsində qida sənayesi məhsulları (2,4%), geyim (30,9%), tikinti materialları (16,7%), maşın və avadanlıq (11,2%), avtomobil və qoşqular (38%), digər nəqliyyat vasitələri (2,9 dəfə), mebel (17,2%), idman, musiqi alətləri və tibb avadanlıqlarının istehsalında (60,2%) artım qeydə alınıb.
A.Əzizov