“Azəryolservis” ASC 2014-cü ilin sonuna qədər Bakı-Şamaxı avtomobil yolunun 15-45 km hissəsinin yenidən qurulması işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə cəmiyyətin saytında məlumat verilir.
“Söhbət avtomobil yolunun 15-45 km hissəsinin əlavə iki zolaq tikilməklə birinci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işlərindən gedir. İşlərə, həmçinin yağış sularının kanalizasiyasının yaradılması, yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün 7 keçidin tikintisi daxildir”, - deyə məlumatda qeyd olunur.
Cəmiyyətin məlumatına əsasən, hazırda bu hissədə artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, 21 km məsafədə asfalt-beton örtük döşənib.
DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı 3-cü layihə üçün Azərbaycana $241,6 mln. məbləğində kreditin verilməsini təsdiq edib. Kredit iki hissədən ibarətdir. Xüsusilə $171,6 mln. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb. $70 mln. məbləğində daha bir kredit isə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Layihənin ümumi dəyəri $356,15 mln. məbləğində qiymətləndirilir. Layihənin reallaşdırılması üçün qalan məbləğ Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan dörd zolağa qədər genişləndirilməsi, magistral yolların idarə və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılması üçün istifadə ediləcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə DB Azərbaycanda 54 layihəyə ümumilikdə $3,3 mlrd. məbləğində kredit ayırıb. Hazırda 17 layihənin reallaşdırılması davam edir.
N.Abbasova