2014-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 7 mlrd. 625,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2014-cü ilin I yarısında kapital qoyuluşlarının ümumi həcmindən 5 mlrd. 179,3 mln. manat (bütün investisiyaların 67,9%-i) istehsalat təyinatlı obyektlərin, 2 mlrd. 446,6 mln. manat (bütün investisiyaların 32,1%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 2 mlrd. 233,1 mln. manat (bütün investisiyaların 29,3%-i) xarici investisiyaların, 5 mlrd. 392,8 mln. manat (bütün investisiyaların 70,7%-i) daxili investisiyaların payına düşüb.
I yarımillikdə neft sektoruna 2 mlrd. 962 mln. manat (bütün kapital qoyuluşlarının 38,8%-i), qeyri-neft sektoruna 4 mlrd. 663,9 mln. manat (bütün kapital qoyuluşlarının 61,2%-i) həcmində investisiya qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 5,3 mlrd. manat və ya bütün kapital qoyuluşlarının 69,5%-ni (artım 10,7%) təşkil edib.
2014-cü ilin I yarısında dövlət müəssisə və təşkilatları tərəfindən 5 mlrd. 40,7 mln. manat (bütün investisiyaların 66,1%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 2 mlrd. 585,2 mln. manat (bütün investisiyaların 33,9%-i) həcmində kapital qoyuluşu həyata keçirilib.
Cari ilin I yarısında müəssisə və təşkilatların vəsaitləri hesabına 4 mlrd. 240,2 mln. manat (artım 30,6%), bank kreditlərinin hesabına 273,9 mln. manat (azalma 21,1%), büdcə vəsaitlərinin hesabına 2 mlrd. 717,7 mln. manat (azalma 18,3%), büdcədənkənar fondların vəsaitləri hesabına 135 mln. manat (azalma 47,4%), əhalinin vəsaitləri hesabına 220 mln. manat (artım 23,9%), digər mənbələr hesabına 39,1 mln. manat (artım 2,1 dəfə) həcmində kapital qoyuluşları həyata keçirilib.
N.Abbasova