Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirəbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitini mənimsədikləri müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
R.Babayev