Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-dan məlumat verilib.
İmtahanda iştirak etmək üçün sənəd vermiş 28,962 min abituriyentdən 1,227 min nəfəri imtahanda iştirak etməyib. 28 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə 12,319 min nəfər, IV ixtisas qrupu üzrə 3,022 min nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.
I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
A.Zeydullayeva