Şəmkir şəhər sakini narkotik alverində, həmçinin qanunsuz silah və döyüş sursatları saxlamaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsə məxsus bağ sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 109 kiloqram 180 qram olan 72 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Onun evinə baxış zamanı isə 41,7 qram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng, 3 qumbara, 2 qumbara alışdırıcısı və 12 ədəd patron aşkar edilərək götürülüb.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov