SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) "Neftqaztikinti" Tresti 2014-cü ilin oktyabr ayında “Günəşli” yatağının dayazsulu hissəsində 7 saylı özülün tikintisini başa çatdıracaq. Bu barədə SOCAR-ın məlumatında qeyd edilir.
“Hazırda özülün inşa olunmuş hissələrində korroziyadan mühafizə tədbirləri görülür. M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir. Bundan başqa, 17460 kvadratmetrlik metal-konstruksiyanın səthi pas hissəciklərdən təmizlənib, ikikomponentli, epoksid boyalarla aşınmadan mühafizə olunub. Özülün tikintisinin 2014-cü ilin oktyabr ayında başa çatdırılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
7 saylı Dərin Dəniz Özülü 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Obyektin tikintisi yataqda neft hasilatının artırılması məqsədilə həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova