Azərbaycan və Yaponiya arasında inkişaf edən hərtərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub. Rəsmi KİV-lərin verdiyi məlumata görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Rövşən Mirzəyev bəyan edib.
Yaponiyada akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Tokioda təşkil olunan iftar mərasimi çərçivəsində bu ölkənin baş naziri Şinzo Abe ilə görüşdə R.Mirzəyev vurğulayb ki, Azərbaycan və Yaponiya arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıqla yanaşı, regional əlaqələr də yaranıb. O, yaponiyalı baş nazirə Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin olduğunu vurğulayıb.
Diplomat, həmçinin prezident İlham Əliyev tərəfindən baş nazirin ünvanına təqdim olunmuş dəvət məktubunu xatırladıb. R.Mirzəyevin sözlərinə görə, yaponiyalı baş nazirin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni stimul verəcək.
Öz növbəsində Ş.Abe qeyd edib ki, imkan yaranan kimi Azərbaycana səfər edəcək.
F.İsazadə