Əgər dünyanın lider dövlətləri İranın dinc məqsədlərlə atoma sahib olmaq hüququnu şübhə altına almasalar, Tehran özünün nüvə probleminin nizamlanması ilə əlaqədar danışıqları davam etdirməyə hazırdır. Bu barədə cümə günü İRNA agentliyi məlumat verib.
“Əgər digər tərəf beynəlxalq sistem çərçivəsində İranın hüquqlarına hörmət göstərərsə, biz lazım gəldiyi təqdirdə danışıqları davam etdirəcək və müddətini uzadacağıq”,- deyə İranın prezidenti Həsən Ruhani bildirib.
“Biz danışıqların gedişində yumşaqlıq nümayiş etdirdik. Lakin biz İran xalqının dinc məqsədlərlə atoma sahib olmaq hüququndan imtina etmək niyyətində deyilik”,- deyə o əlavə edib.
İyulun 2-dən Vyanada beynəlxalq “altılıq”la (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) Tehran arasında danışıqların altıncı raundu keçirilir. Danışıqlarda tərəflər İranın nüvə proqramı üzrə yekun sazişin mətni üzərində işləyirlər.
Yekun sazişin iyul ayının 20-nə qədər əldə edilməsi planlaşdırılsa da, indi tərəflər danışıqlara əlavə vaxtın ayrılması barədə qərar qəbul oluna biləcəyini istisna etmirlər.