Nazirlər Kabineti diplomatik fəaliyyət göstərən və beynəlxalq müqavilələr çərçivəsində ölkə ərazisinə səfər edən əcnəbilərin (və onların ailə üzvlərinin) qeydiyyata alınması haqqında vəsiqələrin nümunələrini təsdiq edib. Bu barədə parlamentin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində məlumat verilir.
Qərara əsasən, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə və ya ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib.
Müvafiq qərar cümə axşamı imzalanıb.
Qeyd edilir ki, Nazirlər Kabinetinin qərarı dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
F.İsazadə