2014-cü ilin I yarısında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) göndərilən sorğuların sayı 1 mln. 421,310 min təşkil edib ki, bu da ötən ilin göstəricisindən 1,43 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2014-cü ilin yanvar-iyun aylarında bank və bank olmayan kredit təşkilatları (BOKT) MKR-ə 1 mln. 398,083 min sorğu göndərib.
Bundan başqa, hesabat dövründə 23,227 min fiziki şəxs öz kredit hesabatı haqqında məlumat almaq üçün reyestrə sorğular göndərib.
Ümumilikdə 2014-cü ilin I yarısında 41 bank və 31 BOKT reyestr məlumatlarından istifadə edib.
2014-cü il iyulun 1-nə MKR-də 2 mln. 138,886 min borcalan (2014-cü il yanvarın 1-nə olan göstərici ilə müqayisədə artım 9,5%), 7 mln.738,882 min kredit (artım 18,6%) haqqında məlumat var.
Cari ilin əvvəlinə reyestrdə kreditlər üzrə 989,278 min zamin (artım 18,2%) haqqında məlumat saxlanılır.
Mərkəzləşdirilmiş Kredit Reyestri Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. MKR-in əsas məqsədi bankların və bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaqdır. MKR 2009-cu ilin sentyabr ayından yeni formatda fəaliyyət göstərməyə başlayıb.
A.Əzizov