Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda biznes strukturlarının maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Xızı rayonunda kiçik cins heyvandarlıq və arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) təsərrüfatlarının, pendir istehsalı və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Xızı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.
A.Əzizov