SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yaxın vaxtlarda “Günəşli” yatağının dayazsulu hissəsində Qazlift Kompressor Stansiyasının inşasını başa çatdıracaq. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
İnşaat işlərinin sifarişçisi “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft Qazçıxarma İdarəsi, podratçısı isə “Neftqaztikinti” Trestidir.
Stansiya dənizin 87 metr dərinliyində quraşdırılacaq, məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edəcək. Hər birinin çəkisi 6000 ton olan piramida tipli iki dayaq blokundan ibarət stansiyada artıq 8 ədəd kompressor, 2 ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, 1 ədəd dizel mühərrikli generator, 2 ədəd transformator, 12 ədəd idarəetmə otağı, eyni zamanda daşıyıcı göyərtə, 4 ədəd metal lövhə və həmin lövhələr üzrə müxtəlif diametrli boru xətləri quraşdırılacaq.
“Hazırda stansiyada son tamamlama işləri aparılır. Tikinti-quraşdırma işləri yaxın vaxtlarda başa çatdırılacaq. Qazlift Kompressor Stansiyası istismara verildikdən sonra “Günəşli” yatağındakı platformalarda qazlift sistemi tənzimlənəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunması həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova