“AGBank” 2006-cı ildən 2014-cü il iyulun 1-nə qədər Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən 1,16 min ipoteka krediti verib. Bu barədə fondun saytında məlumat verilir.
Fondun məlumatına əsasən, hesabat dövründə Azərbaycanda 31 bank AİF-in vəsaitlərindən kreditlər verib. Verilmiş ipoteka kreditlərinin sayına görə “AGBank" (1160 kredit), "Xalq Bank" (1134 kredit), "Bank Standard" (1122 kredit), "Dəmirbank" (1034 kredit) və "Zaminbank" (975 kredit) ilk beşliyə daxildir.
Daha az fəal bankların beşliyinə isə “Azər-Türk Bank” (28 kredit), "Qafqaz İnkişaf Bankı" (26), "Azərbaycan Sənaye Bankı" (17), “Rabitəbank” (15) və "Azərbaycan Kredit Bankı" (14) daxildir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2013-cü ildə AİF-in vəsaitlərindən ümumilikdə 112,9 mln. manat məbləğində ipoteka kreditləri verilib.
A.Axundov