“Azəryolservis” 2014-cü ilin sonu - 2015-ci ilin əvvəllərində Qala-Pirallahı avtomobil yolunun bir hissəsinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Bu barədə ASC-nin məlumatında deyilir.
“Yolun uzunluğu 21,7 km, eni 28 metr təşkil edəcək. Yenidənqurma həmin yolda 2 yolqovşağı və yeraltı piyada keçidinin tikintisini nəzərdə tutur”, - deyə məlumatda qeyd edilir.
Yolun 7 km-i altı, 14,7 km-i isə dörd hərəkət zolağından ibarət olacaq.
“Yaxın vaxtlarda yolun 14,5 km hissəsində asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması başa çatdırılacaq. Yolun həmin hissəsinin yenidən qurulması işləri 2014-cü ilin sonu - 2015-ci ilin əvvəllərində yekunlaşacaq”, - deyə məlumatda vurğulanır.
Qala-Pirallahı avtomobil yolunun yenidən qurulması işləri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
N.Abbasova