Təhsil naziri Mikayıl Cabbarov xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olmuş tələbələrlə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir tələbələri dünyanın aparıcı ali məktəblərinə daxil olmaları münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan rəhbərliyi təhsil sahəsini prioritet sahələrdən biri hesab edir və bu istiqamətə böyük diqqət ayırır.
M.Cabbarov qeyd edib ki, dövlət müstəqilliyimiz əldə edildikdən sonra minlərlə azərbaycanlı tələbə hər il dünyanın aparıcı ali məktəblərinə təhsil almağa gedir və bütün bunlar Azərbaycanda əldə edilmiş biliklərə əsaslanır.
Tədbirdə iştirak edən tələbələrin bir qrupu Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçin ali məktəblərində təhsil alacaq.
Xaricdə təhsil üzrə Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün sənəd qəbulu 22 may-08 avqust tarixlərini əhatə edir.
2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2,612 min nəfərdir.
A.Zeydullayeva