Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Müasir elmi fikir” jurnalının tarix bölməsində “Azərbaycan xalçalarının İrəvan qrupu” adlı məqalə dərc edilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Azərbaycanın əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun məqaləsi Rusiya elmi nəşrlərində Azərbaycan xalçalarının İrəvan qrupu haqqında verilən ilk obyektiv informasiyadır.
V.Muradov məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının inzibati sərhədləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti, bu bölgədə inkişaf etmiş sənətkarlıq sahələri, o cümlədən xalçaçılıq və boyaqçılıq haqqında ətraflı məlumat təqdim edib. O, həmçinin onların təkamülünü tarixi, ədəbi kontekstdə, folklor nümunələri, adət-ənənələr zəminində araşdırıb.
Məqalədə İrəvan xalçalarının digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətlərinin geniş şəkildə təhlili, semantik xüsusiyyətlərinin müqayisəsi, naxış-ornament sisteminin izlənməsi müasir Ermənistan ərazisinin qədim Azərbaycan torpağı olması faktına istinad rolunu oynayır.
Jurnalın təsisçisi Rusiya Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə tarix elmləri doktoru, professor İqor Turitsindir.
A.Zeydullayeva