Çərşənbə günü Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan daha 100 nəfərə Naxçıvan Avtomobil Zavodunda istehsal olunan "Naz-Lifan" markalı minik avtomobili verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir.
Bu ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə avtomobil verilib. Bununla da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin hamısı avtomobillə təmin olunub.
İyun ayından başlayaraq Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərə avtomobillərin verilməsi prosesinə başlanılıb. Beləliklə, 1 yanvar 2014-cü il tarixinə nəqliyyat vasitəsi almaq üçün növbəyə dayanan bu kateqoriyadan olan 523 nəfər avtomobillə təmin edilib. İyulun sonuna kimi nəqliyyat vasitəsi almaq üçün növbəyə dayanan digər əlil və onlara bərabər tutulan şəxslərin hər birini "Naz-Lifan" markalı minik avtomobilləri ilə təmin etmək planlaşdırılır.
Aprel ayından başlayaraq müvafiq kateqoriyalara aid 1200 nəfər əlilliyi olan şəxsə avtomobil verilib.
R.Babayev