"Baku Steel Company" MMC 2011-2014-cü illərdə Azərbaycanda metallurgiya zavodunun yenidən qurulması üzrə işlərə 200 mln. manata yaxın vəsait ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Görülmüş işlər nəticəsində zavodun istehsal gücü ildə 250 min tondan 1 mln. tona qədər artıb. Zavodda yenidənqurma işləri zamanı Almaniya, ABŞ, Fransa, İtaliya və Türkiyədən gətirilmiş müasir avadanlıqlar quraşdırılıb.
Hazırda zavod polada olan daxili tələbatı tamamilə ödəyir və fəal şəkildə xarici ölkələrə məhsul ixrac edir. 13 illik fəaliyyəti ərzində zavodun istehsal etdiyi 3,5 mln. ton poladın 1 mln. tondan çox hissəsi ixrac edilib.
“Baku Steel Company”yə məxsus boru prokat zavodu Rusiyaya ildə 100 min ton boru ixrac edir.
Bundan başqa, “Baku Steel Company” oksigen və maye azot istehsalı üzrə zavodun tikinti işlərini də həyata keçirir. MMC zavod üçün avadanlığın alınması məqsədilə Fransanın “Air Liquide” şirkəti ilə 15 mln. avro dəyərində müqavilə imzalayıb.
Şirkət, həmçinin Fuceyra şəhərində (BƏƏ) ildə 1 mln. ton istehsal gücünə malik metallurgiya zavodunun tikinti-quraşdırma işlərini baş çatdırıb, Aktauda “Caspian Steel” poladəritmə zavodunun yenidənqurma işlərini həyata keçirib, İranda metallurgiya kompleksinin tikintisi üzrə danışıqları uğurla başa çatdırıb.
“Baku Steel Company” 2001-ci ildə özəlləşdirilmiş “Bakelektroqaynaq SC-nin (Bakı Poladəritmə Zavodu) bazasında yaradılıb. Şirkət Azərbaycanda və bütün Qafqaz regionunda aparıcı poladəritmə müəssisəsidir.
A.Axundov