2014-cü ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə vergi borcları 6,7% azalıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd olunur.
2013-cü il iyulun 1-nə olan göstərici ilə müqayisədə vergi borcları 15% azalıb.
1 iyul 2014-cü il tarixinə Azərbaycanda vergi ödəyicilərinin 4,8%-nin vergi borcu var.
Nazirliyin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında 113,242 min vergi ödəyicisi vergi borclarını (cari vergi borcu daxil olmaqla) tamamilə ödəyib.
Məlumatda qeyd edilir ki, cari ilin I yarısında vergi orqanları 33,765 min vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edib. Borcluların əmlakının siyahıya alınması hesabat dövründə 27,8 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edib.
Nazirliyin məlumatına əsasən, fiziki şəxslərin borcları üzrə tәləbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilib. Görülmüş tədbirlər nəticəsində 8,94 min vergi ödəyicisi tərəfindən 1 mln. 855,6 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan başqa, borcunu ödəyə bilməyən 11 fiziki şəxsin nəqliyyat vasitələri siyahıya alınıb, 254 vergi ödəyicisinin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulub.
Hesabat dövründə səhmdar cəmiyyətlərdə səhmdar (payçı) kimi çıxış edən 612 fiziki şəxs tərəfindən 272,3 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
A.Axundov