2014-cü ilin I yarısında 10 rayonda uşaqlara sosial xidmət göstərən günərzi qayğı mərkəzləri yaradılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Mərkəzlər ƏƏSMN-in sifarişi ilə xüsusi qayğıya ehtiyac duyan uşaqlara sosial xidmətlərin göstərilməsi üzrə elan edilmiş müsabiqələrdə qalib gələn 13 ixtisaslaşmış QHT ilə bağlanmış müqavilələr əsasında yaradılıb.
Cari ilin I yarısında Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax rayonlarında hər biri 30 nəfər uşağa sosial xidmət göstərən günərzi qayğı mərkəzləri yaradılıb.
Layihələr çərçivəsində 4 rayon üzrə 7 yaşınadək 100 nəfər uşaq Portec metodikası ilə sosial reabilitasiya xidmətinə cəlb olunub, sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası məqsədilə il ərzində 350-500 uşağa xidmət göstərən sığınacaq yaradılıb.
Eyni zamanda, 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, 2 rayonda 100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün reabilitasiya mərkəzi, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzləri fəaliyyətə başlayıb. Ötən il icra edilməyən layihə işə salınaraq Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət göstərən 2 autizm mərkəzi yaradılıb.
R.Babayev