Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edir ki, Ermənistanın işğal etdiyi Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşları yoxdur.
Xatırladaq ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş 3 azərbaycanlıdan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, Moskvanın buna reaksiya verməməsi ilə əlaqədar Rusiyanı tənqid edib. Səfir bununla bağlı vurğulayıb ki, həmin şəxslər arasında Rusiya vətəndaşları olmayıb.
“Rəsmi olaraq Sizə məlumat verirəm ki, orada saxlanılan şəxslərin heç biri Rusiya Federasiyasının vətəndaşı deyil”, - deyə V.Doroxinin səfirliyin rəsmi saytında dərc edilmiş məktubunda deyilir.
3 nəfər azərbaycanlı - Şahbaz Quliyev, Dilqəm Əhmədov və Həsən Həsənov (sonuncunun həyatda olması və ya ölməsinə dair müxtəlif məlumatlar var) bu il iyulun 10-da işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Ermənistanın informasiya resursları iddia edirlər ki, bu şəxslər Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləridir.
Azərbaycanın Müdafiə Nazirliyi isə onların respublikanın Silahlı Qüvvələrinə heç bir aidiyyətinin olmaması barədə bəyanat yayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatına əsasən, təşkilat girov götürülən azərbaycanlılarla görüşün təşkil edilməsi üçün erməni tərəfi ilə danışıqlar aparır. Lakin BQXK-nın Ermənistan hakimiyyətinə müraciəti indiyədək heç bir nəticə verməyib.
Yayılan məlumata görə, D.Əhmədov Rusiya Federasiyasının vətəndaşıdır.
F.İsazadə