2014-cü ilin I yarısında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 3 mlrd. 821,4 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,2% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
I yarımillikdə Azərbaycan üzrə qaz hasilatının həcmi 15 mlrd. 390,7 mln. kubmetr təşkil edib (azalma 2,4%).
Cari ilin iyun ayında şirkət 561,2 mln. kubmetr qaz hasil edib, ümumilikdə Azərbaycan üzrə qaz hasilatının həcmi 2 mlrd. 442 mln. kubmetr təşkil edib.
Daha əvvəl SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilib ki, 2014-cü ildə Azərbaycanda qaz hasilatı 28,8 mlrd. kubmetr həcmində proqnozlaşdırılır ki, bunun da 7 mlrd. kubmetri SOCAR-ın payına düşəcək.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda 29 mlrd. 450,6 mln. kubmetr qaz hasil edilib və bunun 7 mlrd. 139,7 mln. kubmetri SOCAR-ın payına düşüb.
N.Abbasova